2024-cü ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 23.5 faiz artaraq 25 milyard 223,4 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin səkkiz ayında büdcənin xərcləri isə 8.3 faiz artaraq 22 milyard 362,4 milyon manata yüksəlib. Bu ilin ilk səkkiz ayında dövlət büdcəsinin profisiti 2 milyard 861,0 milyon manat təşkil edib. 2023-cü ilin eyni dövründə 218,5 milyon manat büdcə kəsiri qeydə alınmışdı.
Bəs, görəsən, dövlət büdcəsində profisitin yaranmasına səbəb nədir? Büdcədə yaranan qalıq vəsait hansı istiqamətlərə xərclənə bilər?
Mövzu lə bağlı iqtisadçı-ekspert Pərviz Heydərov deyib ki, dövlət büdcəsinin icrasında profisitin yaranmasında müxtəlif səbəblər var: “Sözsüz ki, bunlardan ən başlıcası neftin ixrac qiymətinin səmərəli olmasıdır. Ümumiyyətlə, neftin dünya bazar qiymətləri yüksək qaldığından büdcə gəlirlərimiz nəzərdə tutulandan artıqdır. Ancaq dövlət büdcəsinin icrasında profisitin yaranmasında digər səbəblər də var. Birincisi, son illər ərzində ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində budcə-vergi (fiskal) siyasəti təkmilləşib. Üstəgəl, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, həmçinin Dövlət Gömrük Komitəsinin iş üslublarında və yığım mexanizmlərində də kifayət qədər böyük keyfiyyət dəyişiklikləri baş verib. İkinci səbəb qeyri-neft-qaz sektorunun inkişafıdır. Bu çox önəmli faktordur. İqtisadiyyatda şəffaflığın genişlənməsi və kölgə iqtisadiyyatına qarşı mübarizənin güclənməsi nəticəsində açıq rəqabət mühitinin yaranması dövlət büdcəsinə proqnozlaşdırılan gəlirlərin qeyri-neft-qaz sektorundan vergilərin hesabına artması üçün geniş yol açıb. Ümumiyyətlə, ölkəmizdə qeyri-neft sektorunun inkişafı üçün bütün zəruri vasitələr və siyasət həyata keçirilir ki, xüsusən də 2014-2015-ci illərdə dünyada neftin qiymətinin kəskin şəkildə enməsi səbəbindən 2015-ci ildə manatın məzənnəsinin iki dəfə devalivasiyasından sonra bu, vacib bir məqsədə çevirib. Düzdür, bazar iqtisadiyyatı sistemi ölkələrində dövlət büdcəsinin icrasında profisit adətən, normal sayılmasa da, bizdə iqtisadiyyata dövlət nəzarəti yüksək olduğundan, büdcənin icrasında profisit məqbul hesab edilir”.
Məsələ ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, büdcəyə gələn pullar xərclənən pullardan çox olduğu üçün büdcə qalığı formalaşır: “Büdcə profisitinin müsbət və mənfi tərəflərini müəyyən etmək üçün öncə səbəblərini araşdırmaq lazımdır. Büdcə profisiti hər şey demək deyil. Lazımlı xərcləri etmədən də büdcə profisitinə nail ola bilərsən, amma bu o qədər də yaxşı hesab olunan vəziyyət deyil. Əgər büdcə profisiti gəlirlərin artımı fonunda baş verirsə, bu, yaxşı hal sayılır. Amma gəlirlərin mənbəyi də müzakirə ediləsi mövzudur. Neftin qiymətinin artması hesabına büdcə profisiti yaranarsa, bu da ölkə iqtisadiyyatının stabilliyinə dəlalət etmir”.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Eyyub Kərimli isə vurğulayıb ki, ötən il və ondan əvvəlki ildə olduğu kimi bu ildə büdcə profisiti ilə üzləşməyimiz müsbət hadisə kimi dəyərləndirilə bilər: “Bu o deməkdir ki, ölkəmizdə makroiqtisadi göstəricilərimiz sabitdir. Büdcə gəlirləri davamlı olaraq artır. Baxmayaraq ki, neft hasilatında azalma var. Bununla belə qeyri-neft sektorunun inkişafı hesabına gəlirlərimiz artır. Bu da iqtisadiyyatımızın daha dayanıqlı və inkişafda olduğunu göstərir.
Ötən illərin təcrübəsinə baxsaq görərik ki, həmin illərdə də profisit var idi. Həmin illərdə artıq vəsait əsasən bir neçə istiqamətdə xərcləndi. Bu istiqamətlər əsasən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, müdafiə xərcləri və digər sahələr idi. Hesab edirəm ki, bu dəfə də Böyük Qayıdış üçün vəsaitlər daha da artırılacaq. Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının inkişafına daha çox investisiya yatırılacaq. Bildiyimiz ki, hələki sülh sazişi imzalanmayıb. Ona görə də müdafiə xərclərinin artırılması da gözləniləndir. Üçüncü istiqamətsə təbii ki, sosial məsələlərdir. Yəqin ki, əhalinin sosial müdafiəsi üçün də xərclər artırılacaq”.